Müsahibələr

Cavid Şahverdiyev: "Mütəllibov Moskvadan zəng vurdu"
alt"Hamınıza atəşin salamlar", yaxud "sən yaxşı adam deyilsən" - bu, mətbuatımızın ən peşəkar, səmimi, gülərüz və mehriban  simalarından biri, indiyədək 20-dək artıq mətbu orqanda, informasiya agentliyində, televiziyada çalışmış Cavid Şahverdiyevin hər gün səhər iş yoldaşları ilə görüşərkən dediyi sözlərdir. O həm də müəllimdir - Azərbaycan mətbuatında 10-a yaxın jurnalist yetişdirib, onlarla müxbiri işə götürüb, onlara jurnalistikanın sirrlərini öyrədib, sadə dildə desək, çörək verib. Cavidin bir neçə illik jurnalistlik fəaliyyətinin maraqlarını öyrənmək bizim üçün də maraqlı olardı. Beləliklə, "Gündəlik Bakı"nın "Həmkarlarımız" rubrikasının üçüncü qonağı Cavid Şahverdiyevdir. O, bizimlə söhbətə jurnalistikaya gəlişindən başladı:

"Məni "BMT"-yə dəvət etdilər"

- Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının Azərbaycan filialının Beynəlxalq Jurnalistika fakültəsində təhsil alırdım. Onda bu təhsil ocağında Bakı Dövlət Universitetinin müəllimləri də dərs deyirdilər. Onlar jurnalist  fəaliyyətimi bəyəndilər və məni universitetin jurnalistika fakültəsinin televiziya ilə bağlı kafedralarından birinə dəvət etdilər. Məqsəd məni işlə təmin etməkdən ibarət idi, səsimi yazdılar və nitqimə qulaq asdılar. Həmin vaxtlar Elşad Quliyevin rəhbərlik etdiyi "BMT" müstəqil televiziya şirkəti də fəaliyyət göstərirdi. Məni ora apardılar və beləliklə, televiziyada işləməyə başladım. Burada bir müddət çalışdım. Bundan əvvəl isə nəşriyyatlardan birinin baş redaktoru vəzifəsində çalışmışdım. Bu, 1992-ci ilə təsadüf edir. Əməkdaşlıq etdiyim mətbu orqanların sayı həddən artıq çox olub. Həmin illərdə "20 Yanvar", "Qarabağ" qəzetlərində ara-sıra yazılarla çıxış edirdim. Daha sonra "Azərbaycan gəncləri", "Hər gün", "Avrasiya" qəzetlərində redaktor vəzifələrində işləməyə başladım. Eləcə də "7 Gün", "Məkan" qəzetlərdə müxtəlif mövzulara dair yazılarla çıxış etmişəm. Türkiyənin "Nərgiz" Teleşirkətinin Azərbaycan Nümayəndəliyində də işləmişəm. Bir müddət "ATA" elektron KİV-ində - "Azərbaycan-Türkiyə Agentliyində" çalışdım. Bununla yanaşı, hazırda fəaliyyət göstərən başqa qəzetlərdə və informasiya agentliyində də müxtəlif vəzifələrdə işləmişəm. Hazırda isə "Xalq Cəbhəsi" qəzetində çalışıram.

"Avrasiyada 60 müxbirə rəhbərlik edirdim"

- Bir neçə qəzetdə redaktor olduğunuz müddətdə müxbirlərin sizə "Cavid müəllim" - deyə müraciət etmələrinə yasaq qoymusunuz. Niyə?
- Hə, belə şeylər çox olub. Mən bir qəzetdə 10 ildən artıq, digərlərində də ayrı-ayrı müddətlərdə redaktor vəzifəsində çalışmışam. İstəyirdim ki, çalışdığım mətbu orqanların əməkdaşları arasındakı münasibətlər səmimi, mehriban hisslərə əsaslansın, rəsmiyyət olmasın. "Avrasiya" qəzetində 60, "Hər gün" qəzetində 35 müxbirə rəhbərlik etmişəm. Çalışırdım ki, rəhbərliklə müxbirlər arasında sədd olmasın, hamımız bir ailənin üzvü kimi işləyək. Onların mənə "müəllim" - demələri ilə razılaşmırdım. Məni sadəcə, "Cavid" deyib çağırmalarını xahiş edirdim. Zənnimcə, kollektivdəki münasibətlər dostluq, bacı-qardaş davranışlarına əsaslanmalıdır. Funksiyam rəhbərin vəzifəsinin səlahiyyətlərini həyata keçirməkdən ibarət olsa da, münasibətləri tamam başqa cür qururdum.

"Qəzetə Elçibəyin əleyhinə yazı göndərildi"

- 2000-ci ilin yay aylarında qəzetlərdən birində eks-prezident, Azərbaycan Xalq Cəbhəsi Partiyasının o zamankı sədri Əbülfəz Elçibəy barəsində böhtan xarakterli materialın dərc edilməsinə kəskin etirazınızı bildirmişdiniz.
- Hə, bu hadisə "Məkan" qəzetində baş vermişdi. Onda həmin mətbu orqanda redaktor  vəzifəsində çalışırdım. Qəzetə Elçibəyin əleyhinə sifarişli bir yazı göndərilmişdi. Bundan xəbər tutduqda yazıya etirazımı bildirdim.
- Sifarişçi kim idi? Həmin şəxsi tanıyırdınızmı?
- Bəli, sifarişin kim tərəfindən göndərildiyini bilirdim, amma mətbuata açıqlamırdım. Həmin yazının qəzetdə dərc olunmasını partiyada məsul vəzifələrdən birində çalışan Əli Kərimli sifariş vermişdi. Qeyd edim ki, qəzetimizin redaksiyası həmin vaxtlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında yerləşirdi. Biz binanın ikinci mərtəbəsində fəaliyyət göstərirdik, Əli Kərimlinin kabineti isə birinci mərtəbədə idi. Mən redaktor kimi Elçibəyin əleyhinə yazılan yazının dərcinə etiraz etdim. Həmin dönəmdə Əbülfəz Elçibəy Türkiyədə müalicə olunurdu. O, müalicəsini başa vurub vətənə qayıtdıqdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının o zamankı qərargahında müşavirə keçirdi və iclasda bizim mətbu orqanın da adını çəkdi. Elçibəy çıxışında belə bir məqalənin dərc olunmasını hallandırdı. Məqalənin müəllifi imzasını dəyişmişdi, amma həmin şəxsin kim olduğunu bilir, jurnalisti tanıyırdım.

"Eks-prezident məqaləni pislədi"

- Bəs Əbülfəz Elçibəy yazı haqda nələri dedi?
- Təbii ki, məqaləni pislədi.
- Siz eyni binada, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının ikinci mərtəbəsində fəaliyyət göstərirdiniz, Əli Kərimli isə birinci mərtəbədəki kabinetdə əyləşirdi, deməli, həmin materialdan onun da xəbəri vardı. Belə çıxır ki, sifariş yuxarıya aşağıdan göndərilmişdi.
- Bəli, xəbəri vardı, amma yazı artıq nəşr edilmişdi. Qeyd edim ki, Əbülfəz Elçibəy həmin materialda təhqir olunmuşdu.
- Bəs iclasda soruşan olmadı ki, ay Əli bəy, niyə buna icazə vermisən?
- Yox, çünki Əli Kərimli guya belə məsələlərə  qarışmadığını iddia edirdi. Bununla da gözdən pərdə asmağa çalışırdı. Yazının müəllifi olan qadın məqaləyə başqa imza qoymuşdu. Elçibəy dedi ki, niyə mənim Türkiyədə olmağımdan istifadə edərək belə çirkin işlərlə məşğul olursunuz? Nə üçün başqalarının şərəf və ləyaqətlərini alçaldan, təhqir edən məqalələr yazırsınız?
Mən Türkiyənin "Nərgiz" teleşirkətinə gedəndə, tanınmış jurnalist İrfan Sapmaz da belə bir yazının dərc edilməsini pislədi və dedi ki, nahaq belə ediblər. Ölkədə olmayan, xaricdə müalicə alan bir şəxs barəsində təhqiramiz materialın dərc olunmasını təqdir etmədilər. Onlar özləri də bunun təşkilatçılarının kim olduğunu bilirdilər.
- Həmin məqaləyə görə sizə irad tutuldu?
- Yox, axı bu materialın dərcinin qarşısını almaq səlahiyyətlərim xaricində idi. Məqalənin qəzetdə yerləşdirilməsinə etiraz etsəm də, bunun müsbət nəticəsi olmadı. Axı mən kim idim ki? Qəzetdə ikinci dərəcəli şəxs idim. Yazını heç sonadək də oxumadım.

"Missionerlərlə bağlı ilk yazını mən yazdım"

- Siz on beş ildən çoxdur ki, jurnalistikadasınız.
- ...İyirmi ilə yaxındır.
- Bu illər ərzində ən maraqlı müsahibiniz kim olub?
- Maraqlı, yaddaqalan müsahiblərim çox olub. Belə şəxslər arasında dünyanın ayrı-ayrı dövlətlərinin rəsmi şəxsləri, dövlət və hökumət rəsmiləri də var. 2002-ci ildə Əfqanıstanın keçmiş baş naziri Hikmətyarın milliyyətcə azərbaycanlı olan müşaviri Sübhi Bektaşidən müsahibə almışam. Eləcə də, Rusiya Dövlət Dumasının komitə sədrindən, Kürdüstan dövlətinin baş nazirinin müavinindən, eləcə də həmin ölkənin prezidenti Bərzaninin MDB dövlətləri üzrə səlahiyyətli nümayəndəsindən, həmçinin Rusiya Federasiyası Dumasının deputatı Zatulindən, politoloq Şahnazaryandan intervyülər almışam. Bu müsahibələri dünyanın bir sıra beynəlxalq informasiya agentlikləri xarici dillərdə yayımlayıb. Müsahibələrimin təxminən səksən faizi ajiotaj yaratdığına görə məni dəfələrlə məhkəməyə veriblər, hədələyiblər, ölüm qoxusu ilə təhdid ediblər. Hətta bir neçə dəfə redaksiyaya da hücum etmişdilər.
Mətbuatda Azərbaycanda fəaliyyət göstərən missioner təşkilatlarının hansı ünvanlarda fəaliyyət göstərmələri barədə ilk araşdırma yazısını mən yazmışam. Onda redaksiyaya nə qədər adam gəlmişdi!

"Mütəllibov məni Moskvaya dəvət etdi"

- Müsahiblərinin maraqlı ifadələri, bəyanatları arasında ən yaddaqalanı hansıdır?
- 2003-cü ilin prezident seçkiləri ərəfəsində belə bir məlumat yayıldı ki, eks-prezident, ASDP həmsədri Ayaz Mütəllibov da seçkilərdə namizədliyini irəli sürəcək. Mən də Ayaz Mütəllibovun "kölgə kabineti" barəsində yazı yazdım. Kimin hansı nazir postuna təyin ediləcəyini açıqlamışdım. Mütəllibov Moskvadan redaksiyaya zəng vurdu, hətta məni Rusiyaya dəvət etdi. Qeyd edim ki, kimdən müsahibə almışamsa, fikirləri mənim üçün maraqlı olub. Hətta separatçı "dövlətlər"in rəsmilərindən də müsahibələr almışam. Uğurum müsahiblərimə istədiyim sualı verməkdən ibarət olub. Düzdür, bəziləri sualdan yayınmağa çalışıblar, amma onları başa salmışam ki, Azərbaycanın mövqeyi nədən ibarətdir.

"Gecəniz xeyrə qalsın, yoxsa sabahınız xeyir"

- Mətbuatla bağlı maraqlı, məzəli hadisələr hansılardır?    
- Belə hadisələr çox olub. "Avrasiya", eləcə də digər qəzetlərdə redaktor vəzifələrində çalışanda işdən səhər saat 4 yaxud 5-də çıxırdım. Hətta baş redaktorlara zarafat edirdim ki, indi bilmirəm sizə nə deyim - gecəniz xeyrə qalsın, yoxsa sabahınız xeyir? Bir dəfə nazirlərdən biri ilə bağlı yazıda başlıq səhv yazılmışdı, gecə mətbəəyə gedib həmin sərlövhəni dərhal düzəltdik. "BMT" TV-də çalışarkən, sabiq ekologiya və təbii sərvətlər naziri Arif Mansurovun tapşırığı ilə keçmiş Artyom, indiki Giloy adalarına getdim. Məqsəd brokonyerlərə qarşı mübarizəni lentə almaq, işıqlandırmaq idi. Vertolyotla uçuş zamanı bir sıra maraqlı hadisələri müşahidə etdik. Bu, 1995-1996-cı illərdə baş vermişdi.
Qəbələnin Vəndam meşələrində yaşıllıqları məhv edir, ağacları kəsib onlardan parket düzəldirdilər. Teleşirkətin xətti ilə çəkilişlərə getdik, gecə meşələrdə operatorla pusquda dayanıb, ağackəsənlərin nə vaxt gələcəklərini gözləyirdik. Həmin vaxtlar bir sıra maraqlı hadisələri lentə aldıq. Hətta buna görə bizi hədələyənlər də oldu. Belə hadisələr çox baş verib. Qəzetlərdə çalışanda da ayrı-ayrı yazılarımla bağlı mənə hədə-qorxu gəlirdilər.
"Gündəlik-Bakı" qəzeti, 28.07.2011

____________________________________________________________________________ 
Cavid Şahverdiyev: "Atacanyan Abqaroviçə söz verilməsindən qəzəbləndik"
"Ermənipərəst Zatulinin növbəti dəvətini rədd etdik"
altAzərbaycanda milli maraqlardan çıxış edən, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına töhfə verən qeyri-hökumət təşkilatları barmaqla sayıla biləcək qədərdir. Onlardan biri də ölkəmizin tanınmış hüquq müdafiəçisi, görkəmli ictimai xadim, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyevdir. Cavid Şahverdiyevin ölkəmizdə demokratik islahatların inkişafındakı xidmətləri əvəzsizdir. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi rəhbərinin MDB Dövlətləri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin dəvəti ilə mayın sonlarında Moskvada sözügedən institutun 15 illik yubileyi ilə bağlı "Prezident Otel"ində keçirilən tədbirdə atdığı addım Cavid Şahverdiyevin yalnız bir QHT sədri kimi yox, həm də vətənpərvər insan kimi Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutduğunu sübut etdi. Belə ki, QHT sədri həmin tədbirdə Azərbaycana qarşı təxribata layiqli cavab verib:

"Bütün tədbirlərə qatılıb həqiqəti deməliyik"

- Konstantin Zatulinin Azərbaycanda "arzuolunmaz" şəxs olduğunu bilə-bilə onun dəvətini niyə qəbul etdiniz?
- Konstantin Zatulinin ermənilərə necə rəğbət  bəsləməsi haqqında eşitmişdim. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışında da ermənilərin mövqeyindən çıxış edir. Hətta Ermənistan-Rusiya parlamentlərarası komissiyası həmsədrinin müavini olan Zatulin eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizliyə, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərinə görə ölkəmiz üçün "arzuolunmaz şəxs"dir. Amma bütün bunlara baxmayaraq, bu dəvəti qəbul etmək məcburiyyətində qaldım. Çünki düz bir il öncə, 2010-cu il mayın 24-25-də Ermənistanda bu institut Cənubi Qafqazdakı problemlərin həllinin müzakirəsini təşkil etmişdi ki, mən də ora dəvətli idim. Amma Ermənistanda keçirildiyi üçün bu dəvəti qəbul etmədim. "Azərbaycanlılar ermənilərlə üz-üzə gələ bilməkdən çəkinirlər" və yaxud da "hansısa müzakirələrdən qaçırlar" düşünməsinlər deyə, bu dəfə Moskvaya getmək qərarını verdim. Bütün tədbirlərə qatılıb həqiqəti dünyaya çatdırmalıyıq. Açığı, azərbaycanlıların belə tədbirlərdə iştirakını əngəlləyən heç bir səbəb də yox idi. Axı bütün maliyyə xərcini institut öz üzərinə götürüb. Başqa bir məqsədim isə Rusiyada parlament və prezident seçkiləri öncəsi Moskvadakı ictimai-siyasi vəziyyətlə tanış olmaq və əhalinin sosial problemlərini, görüb, eşitdiklərimi qələmə almaq idi. Səfərimizin maraqlı keçəcəyini əvvəlcədən bilirdim. Beləcə mayın 25-i yerli vaxtla axşam saat 16.00 radələrində Moskvaya gəldik. Domodedovo aerorortunda bizi qalacağımız dörd ulduzlu "Park İnn Sadu" otelinin sürücüsü German qarşıladı. Onu da qeyd edim ki, bu barədə əvvəlcədən məlumatlandırılmışdıq. Harada qalacağımız və tədbirin gündəliyi əvvəlcədən bizə göndərilmişdi. Yolboyu Germanla həmsöhbət olduq.

"Rusiyada hər şeyin "normal" olduğu görünür"

- Bilmək olarmı söhbət nədən gedirdi?
- Aeroportdan Moskvaya 45 kilometrlik bir yolu 2 saata qət etdiyimizə görə (Bakıda olduğu kimi, Moskva küçələri də tıxac problemini yaşayır - A.T) ondan məni maraqlandıran bir çox suala cavab aldım. German dedi ki, əhali sosial problemlər içində çabalayır. Maaş və pensiyalar çox azdır. Bir yandan isə vergilər artırılır. Germandan Rusiyada azərbaycanlıların ictimai-siyasi fəallığını soruşduq. Dedi ki, burada daha çox ermənilər gündəmdədirlər: "Azərbaycanlılar çox zəif fəaliyyət göstərirlər. Onlar ticarət obyektlərini bağlayırlar. Ermənilər isə bu sahədə liderlik edirlər. Onların otel və istirahət obyektlərinin sayı ildən-ilə artır. Azərbaycanlıların Tverskiy küçəsində "Bakı" restoranı var idi, özləri bağladılar. Amma ermənilər həmin restoranın bir neçə metrliyində "Armenia" adlı böyük ticarət mərkəzi açdılar". 

"Dedik ki, "DQR"dən gələn olsa, tədbiri tərk edəcəyik"

- Zatulinin tədbirində Azərbaycana qarşı hər hansı bir təxribatın ola biləcəyini düşünürdünüzmü?
- Həyatda hər şey ola bilər. Əsas məsələ sənin ona hazır olmağın və layiqli, adekvat cavab verməyindir. Qeyd edim ki, həmin tədbirdə mənimlə yanaşı, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də iştirak edirdi. Ölkəni  tərk etməzdən öncə qərara gəldik ki, əgər tədbirdə bizi qane edə bilməyəcək məqam olarsa, mütləq etirazımızı bildirək. Otelə çatdıqdan sonra MDB Dövlətləri institutunun ofisinə gedib institutun Qafqaz bölməsinin rəhbəri Feliks Stanevski ilə görüşməyi qərarlaşdırdıq. Məqsəd tədbirdə üzləşə biləcəyimiz xoşagəlməz hadisələrin qarşısını indidən almaq idi. İnstitutun saytında qondarma rejimin rəhbəri Bako Saakyanın təbrik məktubunu oxumuşduq. Biz əvvəlcə institutun əməkdaşı Esma Xaqbadan tədbirə dəvətli qonaqların siyahısını aldıq. Amma siyahıda Dağlıq Qarabağdan kimsənin çıxış edəcəyinə rast gəlmədik. Çünki hər bir qonağın haradan dəvət olunduğunu göstərən ünvan yazılmışdı. Daha sonra bizi Stanevski qarşıladı. Ona bildirdik ki, əgər Dağlıq Qarabağdan dəvət edilən qonaqların yaxalarında, yaxud da əyləşdikləri masaların qarşısında onların "Dağlıq Qarabağ Resrublikası"ndan gəlmələrini bildirən hər hansı yazı olarsa, onda biz tədbirdə iştirak etməyəcəyik. Stanevski söz verdi ki, belə hallar olmayacaq. O sözünün üstündə durdu. Baxmayaraq ki, əvvəlcədən kimin hansı ölkəni təmsil etməsi ilə bağlı informasiya xarakterli yazılar hazırlanmışdı, onların hamısı ləğv edildi. Bunu tədbir zamanı özümüz də gördük və Stanevski bizə bildirdi ki, etirazınızı qəbul etmişik.

"Polad Bülbüloğlu Zatulini yaxın buraxmır"

- Stanevski ilə nədən danışdınız?
- Mayın 26-ı yerli vaxtla saat 13.00-da "Prezident Otel"də yubileyin ilk tədbiri keçirildi. Tədbirdən öncə isə Stanevski bizimlə oteldə söhbətləşdi, daha sonra oteldən çıxıb yaxınlıqda yerləşən kiçik bir kafedə söhbətimizi davam etdirdik. Stanevski öncə bizdən Azərbaycandakı siyasi vəziyyətlə maraqlandı. Onu da bildirək ki, bu şəxs Rusiyanın tanınmış diplomatlarından biridir və 1996-2000-ci illərdə ölkənin Gürcüstandakı səfiri olub. Stanevskini daha çox dünyada yaranmış maliyyə böhranının Azərbaycana təsirinin olmaması səbəbləri maraqlandırırdı. Onun nəzərinə çatdırdıq ki, bəzi problemlərin yaşanmasına baxmayaraq, bu böhran Azərbaycana heç bir təsir göstərmədi. Azərbaycanda iqtisadiyyatın inkişaf etdiyini, pensiyaların artdığını, lakin bəzi sosial problemlərin hələ də həll olunmamış qaldığını da diplomatın nəzərinə çatdırdıq. Stanevski Gürcüstanda səfir işləyərkən 1999-cu ildə Azərbaycanda olduğunu, bizim milli xörəkləri çox bəyəndiyini dedi. Zatulinin ermənilərlə dostluq münasibətlərinə gəlincə isə, Stanevski onun bu addımını qəbul etmədiyini söylədi: "Mən buna pis baxıram. Bilirsiniz, Zatulin gərək birtərəfli mövqe tutmasın. Amma burada azərbaycanlıların da səhvi var. Bizim tədbirlərimizdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları işqtirak edirlər, özü də yüksək səviyyədə. Amma sizin səfir Zatulinlə arasında çox məsafə saxlayır, onu yaxına buraxmır. Ermənilərin bizə marağı zəifdir. Çünki artıq bilirlər ki, Zatulinlə dostdurlar. Zatulini səhv mövqedən çəkindirmək üçün siz ona yaxınlaşmalı, hər şeyi ona bildirməlisiniz. Amma bunu etmədiyinizdən o, da ermənilərlə dostluq edir". Bir qədər söhbətdən sonra tədbirin keçirildiyi "Prezident Otel"ə gəldik. Tədbir iştirakçıları bir-birləri ilə ünsiyyət qurub tanış olurdular.

"Bizə ilk yaxınlaşanlar ermənilər idi"

- Ermənilərlə tanış oldunuzmu?
- Bizə ilk yaxınlaşan da elə erməni - Aza Mihranyan oldu. "Görünür, Qafqazdansız" deyib, vizit kartını bizə təqdim etdi. Dedi ki, bu institutun professorudur, amma Qırğızıstanda çalışır. Onunla çox söhbət etmədik, tezliklə bizdən ayrıldı. Daha sonra separatçı Abxaziya və Cənubi Osetiyadan, eləcə də Belarus və Baltikyanı respublikalarından gələn bir neçə qonaqla tanış olduq. Serbiyanın keçmiş prezidenti, qəddar Miloşeviçin qardaşı ilə də görüşdük. Stanevskiyə dedim ki, mənə Dağlıq Qarabağdan gələn qonaq göstərin. O da qonaq axtarışına çıxdı. Tədbirin başlaması onun "axtarış"ını yarımçıq qoydu. Amma Ermənistandan gələn vardı. Boyunlarından asılmış "vizit kart"lardan bunu açıq sezmək mümkün idi. Beləcə Konstantin Zatulinin açılış nitqi ilə tədbir başladı.

"Etirazımız müsbət nəticə verdi"

- Bəs tədbir zamanı nəyə etiraz etdiniz?
- Zatulin qonaqların hər birinə təbrik üçün söz verirdi. Cənubi Osetiya və Abxaziyanın "prezident"lərinin təbrik məktublarının oxunuşundan sonra Zatulinin "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlədib oranın "xarici işlər naziri" deyib, Atacanyan Abqaroviçə söz verməsi bizim hiddətimizə səbəb oldu. Abqaroviç separatçı rejimin rəhbəri Bako Saakyanın və "XİN"in təbrik məktubunu oxudu. Məktubda "Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün əlindən gələn böyük köməkliyə görə, "Zatulinə minnətdarlıq ifadə olunurdu. Zatulun hər iki məktubu böyük sevinclə qəbul etdi. Biz isə öz etirazımızı həm şifahi, həm də yazılı surətdə Zatulinə verib tədbiri tərk etdik. Etiraz məktubunda Zatulinin nəzərinə çatdırdıq ki, dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda belə beynəlxalq tədbirlərdə onu "DQR" kimi ictimaiyyətə çatdırmağın özü münaqişənin sülh yolu ilə həllini çətinləşdirməyə xidmət edir. Tədbirdə iştirak edən yerli jurnalistlərlə isə əlaqələr yarada bilmədik. Çünki onların tədbirdən çıxmasına icazə verilməmişdi. Bizimsə "Prezident otel"in qarşısında gözləməyə vaxtımız yox idi. Çünki bu xəbəri Azərbaycana da ötürmək lazım idi. Tədbiri tərk edib üz tutduğumuz ilk ünvan Azərbaycanın Rusiyadakı səfirliyi oldu. Səfirliyin rəsmisi Fəridə Ağazadəni bu barədə məlumatlandırdıqdan sonra internet vasitəsilə məlumatı Azərbaycan mediasına ötürdük. Axşam saatlarında yenidən internetə girib Rusiya saytlarından bu barədə məlumat əldə etdik. Şahidi olduq ki, "Novosti Armenia" (www.newsarmenia.ru) agentliyi bu tədbirlə bağlı 26.05.2011 saat 16:39-da verdiyi xəbərdə Dağlıq Qarabağı tanınmamış resrublika kimi təqdim edib. Görünür, bizim etirazımız öz nəticəsini vermişdi. İnstitutun öz saytından tutmuş digər saytlarda isə, ümumuyyətlə, bu məsələyə toxunulmadı.
- Maraqlıdır, sonra nə baş verdi? Axı tədbiri tərk etmişdiniz, səfərinizin bitməsinə isə 2 gün qalırdı...
- Mayın 27-də Zatulin bizim qaldığımız "Park İnn Sadu" otelinə institutun əməkdaşı Esma Xaqbanı göndərərək bizi növbəti gün keçiriləcək iclasda və veriləcək ziyafətdə iştiraka dəvət edib. Esma xanım bildirdi ki, Zatulin heç olmasa, sizin veriləcək ziyafətdə iştirakınızı istəyir. Lakin biz Zatulinin dəvətini rədd etdik.

"Erməni təxribatı ilə üzləşdik"

- Eşitdiyimə görə, ermənilərin təxribatı ilə də üzləşmisiniz...
- Düzdür, biz mayın 28-i Bakıya uçmalıydıq. Onu da bildirim ki, Domodedova aeroportuna bizi aparmaq üçün avtomobil əvvəlcədən sifariş edilmişdi. Amma yola düşməzdən 20 dəqiqə əvvəl ermənilər bu prosesin təxirə salındığını otel rəhbərliyinə bildiriblər. Otelin inzibatçısı Yuliya adlı xanım ALDP sədrinə institutdan Yevgeniya adlı birisinin onlara zəng edərək, avtomobil sifarişinin ləğv edildiyini bildirib. ALDP sədrinin institutla əlaqəsindən sonra məlum olub ki,  rəhbərliyin bu məsələdən xəbərləri yoxdur. Yevgeniyanın sözlərinə görə, ona institutun Aram adlı əməkdaşı Fuad Əliyev və Cavid Şahverdiyevi aeroporta aparacaq avtomobil reysinin ləğv edildiyini və bu barədə otel rəhbərliyinə məlumat verməsini bildirib. Lakin erməninin bu maneəsinə baxmayaraq, biz avomobillə təmin edildik.
"Gündəlik-Bakı" qəzeti, 12.06.2011 
http://gundelik-baku.com/index.php?newsid=4926