Şuranın dəstəyi ilə Milli Qəhrəmanlarla bağlı həyata keçirilən layihəyə yekun vurulub



qhtxeber.az// Bu gün “Azərbaycan Milli Qəhrəman ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyi Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində “Milli Qəhrəmanların ailə üzvlərinin hüquqlarının müdafiəsi, qarşılaşdıqları problemlərin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar”ın yekunlarına dair mətbuat konfransı keçirilib.  qhtxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə barədə “Azərbaycan Milli Qəhrəman ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Qalibə Budaqova məlumat verib. Bildirib ki, layihədə qarşıya qoyulan əsas hədəflərdən biri Milli Qəhrəmanların və onların ailələrinin qarşılaşdığı problemlərin araşdırlması və yardım göstərilməsi olub. “Əsas problemlər Milli Qəhrəmanların statusu haqqında qanunun olmamasından yaranır” deyən Qalibə Budaqova deyib ki, Milli Qəhrəmanların dövlət hesabına müalicəsi və dərmanların ödənilməsi, reabilitasiyası, dövlət tərəfindən tibbi sığortası, sanatoriya və kurort məsələsinin həlli, layiqli yaşayış sahəsi ilə təmin olunması zəruridir. “Misal üçün, Eldar Ağayevin Milli Qəhrəman olmasına baxmayaraq indiyə kimi evi yoxdu. Yaxşı olardı ki, Milli Qəhrəmanlar və onların ailə üzvləri üçün bina tikilsin, bağ evlərinin tikilməsi üçün torpaq sahəsi ayrılsın”, - deyə o bildirib.
Q.Budaqova deyib ki, Milli Qəhrəmanlar və onların ailə üzvləri 2005-ci ildən ayda 600 manat təqaüd alır: “2005-ci ildən bu yana inflyasiya nəzərə alınmayıb və nəticədə bu vəsait Milli Qəhrəmanların və onların ailə üzvlərinin problemlərinin həllinə, sosial rifahlarına bəs etmir”.
İctimai birlik sədrinin müavini Tərlan Eyvazovun sözlərinə görə, layihənin büdcəsi 3200 manat təşkil edib. “Hesab edirəm ki, layihə çərçivəsində qarşıya qoyulmuş məqsədlər yerinə yetirilib. Bunlardan ən vacibi Azərbaycanın Milli Qəhrəmanlarının statusu haqqında qanunun qəbul olunmasının zəruriliyi ilə bağlı tədbirlərimiz oldu” deyən T.Eyvazov bildirib ki, layihə çərçivəsində Milli Qəhrəmanların və onların ailələrinin sosial problemlərinin aradan qaldırılması istiqamətində fikirlər səsləndirilib, təkliflər ortaya qoyulub. “Millli Qəhrəman ailələri ilə görüşlər oldu. Milli Qəhrəmanların ailələrinin problemləri ilə bağlı icra strukturlarına, Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərildi”.
ATMİA-nın prezidenti Yaşar Cəfərli layihəni uğurlu hesab edib: “Layihə çərçivəsində 5 tədbir nəzərdə tutulmasına baxmayaraq 10 tədbir keçirilib. Layihə çox dəyərli layihə idi. Bu layihə çərçivəsində proseslər davam etdiriləcək. Lazımdır ki, layihə çərçivəsində işləri daha da sürətləndirək. Beləcə ciddi səmərə əldə edə bilərik”, - deyə o bildirib. O qeyd etdi ki, Milli Qəhrəmanlar və onların ailələrinin Statusu haqqında qanunun qəbul edilməsi istəyilə Azərbaycan prezidentinə müraciətin imzalanması kampaniyası həyata keçiriləcək.