ADİİM rəhbəri "Gündəlik Bakı" qəzetinə müsahibə verib



Cavid Şahverdiyev
Bu günlərdə respublikamızın vətəndaş cəmiyyəti institutunun həyatında önəmli hadisə baş verib. Belə ki, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi Rusiya Xalq Cəbhəsi Hərəkatına və Beynəlmiləlçi Rusiya Bəyannaməsinə üzv qəbul edilib. Bu səbəbdən də qurum Rusiyada gələn il keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd Vladimir Putinin namizədliyini dəstəkləyəcək. Qeyd edək ki, Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi bir sıra xarici dövlətlərin qeyri-hökumət təşkilatları, xüsusən də Rusiyanın vətəndaş cəmiyyətləri qurumları ilə sıx ünsiyyətdədir. Bu nöqteyi-nəzərdən həmin əməkdaşlıq müəyyən faydalar verə bilər. Təşkilatın sədri Cavid Şahverdiyevlə söhbətimizdə qurumun fəaliyyəti, eləcə də digər məsələlərdən söhbət açdıq:
- Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi 2002-ci ildə yaradılıb. 2007-ci ildə isə dövlət qeydiyyatına alınıb. Təşkilat respublikamızdakı prezident, parlament seçkiləri ilə bağlı bir sıra sorğular keçirib. Eləcə də Prezident Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından iki dəfə qrant alıb layihə həyata keçirib.
- Rusiyanın aparıcı qurumlar şəbəkəsi ilə əlaqələriniz hansı formadadır?
- İlk öncə qeyd edim ki, Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi Rusiya vətəndaş cəmiyyətləri ilə sıx əlaqədədir. Bu ünsiyyət bir neçə müddət bundan əvvəl yaranıb. Təşkilatımız Müstəqil Dövlətlər Birliyi Dövlətləri İnstitutunun beynəlxalq tədbirlərinə dəvət alıb. Bu günlərdə isə Rusiya Xalq Cəbhəsi Hərəkatına və Beynəlmiləlçi Rusiya Bəyannaməsinə üzv qəbul edilib. Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi Rusiyada keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd Vladimir Putinin namizədliyini dəstəkləyəcək. Qeyd edim ki, Rusiya Xalq Cəbhəsi Hərəkatının 230 təsisçisindən 53-ü ermənidir. Azərbaycandan isə yalnız Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi və iki partiya bu qurumun üzvüdür. 
- Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı hansı mövqe tutacaq?
- Təşkilatımız gələn il Rusiyada keçiriləcək perzident seçkilərində indiki baş nazir Vladimir Putinin namizədliyini müdafiə edəcək. Biz Rusiyada yaşayan azərbaycanlılar arasında seçkilər günü Putinə səs vermələri istiqamətində təbliğat aparacağıq. Təşkilat Rusiya vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Putinin namizədliyini dəstəkləmək Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət deməkdir. Biz bu təbliğatı aparmaqla Rusiyada yaşayan yüz minlərlə soydaşımızı ölkənin ictimai-siyasi həyatında fəallığa cəlb edəcəyik. Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi hazırda Vətəndaş Cəmiyyətinin Quruculuğu, habelə digər QHT-lərlə əlaqəsi var. Bir daha qeyd edim ki, Rusiya Xalq Cəbhəsi Hərəkatı təsisçilərinin sayı 240-dan çoxdur. Onlar arasında ermənilər də üstünlük təşkil edirlər. Amma təəssüf ki, Azərbaycandan olan təsisçilərin sayı hələlik 3-dür.
- Deməli, Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzinin Rusiyanın vətəndaş cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsi mühüm önəm kəsb edir. Siz bu əməkdaşlıqdan necə istifadə edəcəksiniz?
- Fikir verirsinizsə, qonşu ölkədə yaşayan ermənilər gələn ilin martında keçiriləcək prezident seçkilərində hazırkı baş nazir Vladimir Putinin yenidən Rusiya Federasiyasının prezidenti seçilməsi üçün aparılan təbliğatda necə fəallıq nümayiş etdirirlər. Axı Vladimir Putinin yenidən prezident seçiləcəyi şübhəsizdir. Onlar bu təbliğatla öz məqsədlərinə çatmaq istəyirlər. Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi prezident seçkiləri öncəsi Rusiyada təbliğat kampaniyasına başlayacaq.
Gələn ilin fevralında Rusiya Xalq Cəbhəsinin qurultayları keçiriləcək. Amma mənə təklif etdilər ki, Moskvaya gəlib Rusiya Xalq Cəbhəsinin rəhbərliyi ilə görüşüm, hələlik bu dəvəti dəyərləndirirəm.
- Bəs seçkilərdə monitorinq qrupunun üzvü kimi iştirak etmək niyyətiniz varmı?
- Bəli, ola bilsin ki, biz də müşahidəçi qismində prezident seçkilərinə qatılaq. İlk öncə qeyd edim ki, yaxın günlərdə - dekabrın 4-də Rusiyada parlament seckiləri keçiriləcək. Gələn ildə isə, yəni martda prezident seckiləridir.
Təəssüf ki, Rusiyanın ictimai həyatında ermənilər bizdən fəaldır. Onlar bütün beynəlxalq tədbirlərə qatılırlar və bu, rusların xoşuna gəlir. Fikirlərimi sübut etmək üçün bir neçə faktı əsas gətirə bilərəm. Bu il mayın 25-də MDB Dövlətləri İnstitutunun 15 illiyi ilə bağlı Moskvada kecirilən beynəlxalq tədbirdə ermənilər də gəlmişdi. Özü də hədiyyələrlə...Tədbirin kecirildiyi "Prezident otel"in qarşısında biz institutun Qafqaz bölməsinin rəhbəri Feliks Stanevski ilə söhbət edərkən düşmən ölkəni təmsil edən nümayəndə heyətinin üzvləri bizə yaxınlaşaraq salam verdilər. Onların bizə yaxınlaşmaqda məqsədləri vardı, təşkilatımızla əlaqə qurmağa səy göstərirdilər, amma gözləmədikləri halda rədd cavabı aldılar. Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi heç vaxt ərazilərimizin iyirmi faizini işğal altında təcavüzkar ölkənin hər hansı qurumu ilə hər hansı formada əməkdaşlıq etməyəcək.
- Ümumiyyətlə, Azərbaycan QHT-lərinin Rusiyanın vətəndaş cəmiyyətləri ilə əlaqələri, bu ölkənin ictimai həyatındakı iştirakı sizi qane edirmi?
- Təəssüf ki, biz gözləmə mövqeyi tutmuşuq, ermənilərin hər hansı addımı atmalarını gözləyirik. Onlar nə isə edəndə bunun qarşısını almağa çalışırıq. Onda isə gec olur. İstəyirəm ki, Rusiyada yaşayan azərbaycanlılar da fəallıq göstərsinlər. Bu imkanı bizə yaradırlarsa, niyə istifadə etməyək.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin ölkəmizdə demokratik islahatların inkişafına hər zaman yardım göstərməklə yanaşı, xarici əlaqələrə də xüsusi önəm verir. Ermənistan-Rusiya parlamentlərarası komissiyası həmsədrinin müavini olan  Konstantin Zatulinin ermənilərə necə rəğbət  bəsləməsi haqqında eşitmişdim. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışında da ermənilərin mövqeyindən çıxış edir. Hətta Ermənistan-Rusiya parlamentlərarası komissiyası həmsədrinin müavini olan Zatulin eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizliyə, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlərinə görə, ölkəmiz üçün "arzuolunmaz şəxs"dir. Amma bütün bunlara baxmayaraq, bir müddət əvvəl onun məni öz ölkəsinə dəvəti ilə bağlı xahişini qəbul etmək məcburiyyətində qaldım. Çünki bir il öncə, 2010-cu il mayın 24-25-də Ermənistanda bu institut Cənubi Qafqazdakı problemlərin həllinin müzakirəsini təşkil etmişdi ki, mən də ora dəvətli idim. Amma Ermənistanda keçirildiyi üçün bu dəvəti rədd etmişdim. Biz bütün tədbirlərə qatılıb həqiqəti dünyaya çatdırmalıyıq. Açığı, azərbaycanlıların belə tədbirlərdə iştirakını əngəlləyən heç bir səbəb də yox idi. Axı bütün maliyyə xərcini institut öz üzərinə götürüb.
"Prezident Otel"də yubileyin ilk tədbiri keçirildi. Tədbirdən öncə isə Stanevski bizimlə oteldə söhbətləşdi, daha sonra oteldən çıxıb yaxınlıqda yerləşən kiçik bir kafedə söhbətimizi davam etdirdik. Stanevski öncə bizdən respublikamızdakı ictimai-siyasi vəziyyətlə maraqlandı. Onu da bildirək ki, bu şəxs Rusiyanın tanınmış diplomatlarından biridir və 1996-2000-ci illərdə ölkənin Gürcüstandakı səfiri olub. Stanevskini daha çox dünyada yaranmış maliyyə böhranının Azərbaycana təsirinin olmaması səbəbləri maraqlandırırdı. Onun nəzərinə çatdırdıq ki, bəzi problemlərin yaşanmasına baxmayaraq, bu böhran Azərbaycana heç bir təsir göstərmədi. Biz isə öz növbəmizdə respublikamızda iqtisadiyyatın inkişaf etdiyini, pensiyaların artdığını, lakin bəzi sosial problemlərin hələ də həll olunmamış qaldığını da diplomatın nəzərinə çatdırdıq. Stanevski Gürcüstanda səfir işləyərkən 1999-cu ildə Azərbaycanda olduğunu, bizim milli xörəkləri çox bəyəndiyini dedi. Zatulinin ermənilərlə dostluq münasibətlərinə gəlincə isə, Stanevski onun bu addımını qəbul etmədiyini söylədi: "Mən buna pis baxıram. Bilirsiniz, Zatulin gərək birtərəfli mövqe tutmasın. Amma burada azərbaycanlıların da səhvi var. Bizim tədbirlərimizdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları işqtirak edirlər, özü də yüksək səviyyədə. Amma sizin səfir Zatulinlə arasında çox məsafə saxlayır, onu yaxına buraxmır. Ermənilərin bizə marağı zəifdir. Çünki artıq bilirlər ki, Zatulinlə dostdurlar. Zatulini səhv mövqedən çəkindirmək üçün siz ona yaxınlaşmalı, hər şeyi ona bildirməlisiniz. Amma bunu etmədiyinizdən o da ermənilərlə dostluq edir". Bir qədər söhbətdən sonra tədbirin keçirildiyi "Prezident Otel"ə gəldik. Tədbir iştirakçıları bir-birləri ilə ünsiyyət qurub tanış olurdular.
Bizə ilk yaxınlaşanlar ermənilər idi. Erməni - Aza Mihranyan "Görünür, Qafqazdansız" deyib, vizit kartını bizə təqdim etdi. Dedi ki, bu institutun professorudur, amma Qırğızıstanda çalışır. Onunla çox söhbət etmədik, tezliklə bizdən ayrıldı. Daha sonra separatçı Abxaziya və Cənubi Osetiyadan, eləcə də Belarus və Baltikyanı respublikalarından gələn bir neçə qonaqla tanış olduq. Serbiyanın keçmiş prezidenti, qəddar Miloşeviçin qardaşı ilə də görüşdük. Stanevskiyə dedim ki, mənə Dağlıq Qarabağdan gələn qonaq göstərin. O da qonaq axtarışına çıxdı. Tədbirin başlaması onun "axtarış"ını yarımçıq qoydu. Amma Ermənistandan gələn vardı. Boyunlarından asılmış "vizit kart"lardan bunu açıq sezmək mümkün idi. Beləcə Konstantin Zatulinin açılış nitqi ilə tədbir başladı.
- Əməkdaşlıq üçün daha hansı ölkələrdən təklif almısınız?
- Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi ilə əmakdaşlıq etmək ücün Ermənistandan, Abxaziya və Cənubi Osetiyadan da təkliflər var. Amma bu təklifləri rədd etmişik. Hətta bizə bildiriblər ki, Qafqaz ölkələrinin QHT Alyansını yaradaq mərkəzi də Bakı olsun. Lakin onların bu dəvətini rədd edib təkliflərilə razılaşmadıq.