![]() |
Cavid Şahverdiyev |
- Azərbaycanın İsraildən silah almasına münasibətiniz?
- Düzdür Azərbaycanla İsrail arasında reallaşacaq yeni hərbi layihə əks-sədaya səbəb olub. Həm Azərbaycanda, həm də İranda. İsrail mətbuatının məlumatına görə, rəsmi Tel-Əviv Azərbaycana 1,6 milyard dollar dəyərində silah satmağı planlaşdırır. İmzalanması nəzərdə tutulan müqavilə çərçivəsində İsrail Azərbaycana pilotsuz təyyarələr, hava və raket hücumundan müdafiə sistemləri satmağı nəzərdə tutur. İsrail mətbuatının yazdığına görə, müqavilə satılmış silah sistemlərinə texniki xidmət göstərilməsini, eləcə də bəzi sistemlərin Azərbaycanda istehsalının başlaması ilə bağlı texnologiyaların tətbiqini nəzərdə tutur. Müqavilə çərçivəsində Azərbaycan regionda “Heron” tirli silahlı rilotsuz təyyarələri alan ilk ölkə olacaq. O da danılmaz faktdır ki, Azərbaycanla İsrail arasında hərbi-texniki sahədə əməkdaşlıq son illərdə daha da intensivləşib.
- Fikrinizcə, bəəs bu məsələyə İranın münasibəti necə ola bilər?
- Bu silahların İrana qarşı yönəlməsinə dair yazılanlar həqiqətə uyğun deyil. Azərbaycana satılan silahların hamısı İsraildə var. Bunlardan Azərbaycan yararlanmalıdır. Düşünmürəm ki, Azərbaycan bu gün bu silahları İrana qarşı istifadə etmək üçün əldə etsin. Azərbaycan bu silahları İsraildən özümüz üçün, öz müdafiəmiz üçün alır. Əgər İranın Azərbaycana qarşı pis niyyəti yoxdursa, o silahların əldə olunmasından təhlükə görməməlidir. İran bundan əndişələnməməlidir. Azərbaycan həmişə İrana qarşı şəffaf siyasət nümayiş etdtirib. Rəsmi Bakı bəyan edib ki, heç bir dövlət onun ərazisindən İrana zərbə vura bilməz, buna imkan yaradılmayacaq. Lakin İran Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. İran İsrailin Azərbaycanla yaxınlaşmasını istəmir və bu məsələdə həmişə rəsmi Bakını hədəfə alıb. Lakin İran işğalçı Ermənistana hərbi, iqtisadi yardım etməsini diqqətə almır. Heç olmasa İran bu barədə fikirləşsin. Axı niyə görə Azərbaycanın xaricdən aldığı silahların başqa dövlətə yşnəldiyi düşünülür. Niyə də belə olmalıdır. Azərbaycan özü müharibə vəziyyətindədir. İşğal edilən torpaqlarımıza azad etmək üçün ordumuz güclənməlidir. Azərbaycan təkcə İsraildən yox, Rusiya, Ukrayna, Türkiyə və digər dövlətlərdən də silah alıb. Bu cinayət deyil. Azərbaycanın hazırki durumunu nəzərə alsaq, yəni müharibə şəratində olan ölkəmiz üçün bu əlverişlidir. İndiyə qədər də Azərbaycan bu silahlardan istifadə edib. İsraildən alınan təyyarələr kəşfiyyat tipli olmaqla yanaşı, dəqiq zərbələri vurmaq qabiliyyətinə malikdir. Bu pilotsuz təyyarələr Azərbaycan üçün əlverişlidir.
- Bəs niyə görə həmişə İsrail-Azərbaycan münasibətlərində İran faktoru önə çəkilir?
- Bu İran və Azərbaycanda olan destruktiv qüvvələrin süni şəkildə ortaya atdığı bir oyundur. İran-İsrail münasibətlərinin hətta müharibə vəziyyətinə qədər gəlib çıxması faktdır. Amma bu o demək deyil ki, İranın düşməni olan İsraillə Azərbaycan əlaqələrini kəsməlidir. Türkiyə diasporu kimi İsrail diasporu da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bizə yardımçı olub. Biz İrana Ermənistanla əlaqələrinə ona görə irad tuturuq ki, bu ölkə işğalçıdır, on minlərlə müsəlmanın qanını axıdıb. İslam dövləti olan İran bu işğalçıya dəstək durmamalıdır. Fikir verin, yəhudilər azərbaycanlıların müdafiəsinə qalxırlar. Amma dini, adət-ənənələri bir olan, 30 milyon soydaşımızın yaşadığı bir dövlət erməniləri bizdən üstün tutur. Azərbaycan xarici siyasətini beynəlxalq hüquq normalarına uyğunlaşdırıb. Amma İran kimi qonşularımız yox. Ona görə də Azərbaycan-İsrail münasibətlərindən İranın əndişələnməsinə heç bir səbəb yoxdur. Azərbaycan öz siyasətini yürüdür və antiİran koalisiyasına qoşulmayıb. Nə vaxtı qoşulsaydı onda rəsmi Tehran narahat ola bilərdi. Heç bir dövlətin bu kimi məsələlərə görə Azərbaycanı qınamağa haqqı yoxdur. Erməninstanın da İsraillə münasibətləri normaldır. Amma heş eşitmisiniz ki, İran bu məsələ ilə bağlı Ermənistana narazılığını bildirib? İrandan fərqli olaraq İsrail Azərbaycan torpaqlarının bir hissəsinin işğalı problemi barəsində ikiüzlü siyasət aparmır və bu Bakının Tehrana və Təl-Əvivə qarşı münasibətini müəyyən edir. İsrail rəhbərliyi hər zaman Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyə hörmətlə yanaşıb, bütün sənədlərdə bunu vurğulayıb. Yəni bu dəstək yalnız sözdə deyildi. Ancaq İran barəsində biz əksini görürük: Tehranda sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri barədə bildirirlər, ancaq həqiqətdə, təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmır. Təsadüfi deyil ki, Ermənistan, həmçinin onun Azərbaycana qarşı təcavüzkar siyasəti barəsində, milli təhlükəsizliyin konsepsiyasında İranı konkret olaraq təhlükəsizliyinin təminatının alternativ mənbəyi kimi elan edib. Bunu unutmaq lazım deyil. Azərbaycan dövləti Ermənistana quru yolla hər şey İran vasitəsilə keçirildiyinə, İran Ermənistanda strateji əhəmiyyətli obyektlər tikməsinə, bu ölkəyə neft, qaz verməsinə normal sivil münasibət sərgiləyib. Əgər İran Azərbaycanın gözlədiyi məqamlara riayət etsəydi, bu, Dağlıq Qarabağ probleminin həlli üçün mühüm amil olardı. Əksinə qonşu dövlət problemin tezliklə həllində maraqlı olmadığını göstərir. Güzəştlər də qarşılıqlı şəkildə olmalıdır. Bundan başqa Azərbaycanda fəaliyytə göstərən dini təşkilatların saytlarında İsrail işğalçı dövlət kimi göstərilir, Fələstində törədilənlərin başlıca günahkarı olduğu deyilir. Ermənistan kimi. Amma Ermənistana regionda həm siyasi, həm də iqtisadi dəstək verən İran yada düşmür. Çünki maliyyə İrandan gəlir. Yenə deyirəm hansı dövlətlə əlaqələr qurmaq Azərbaycanın öz hüququdu. Azərbaycan başqa ölkələrlə əlaqələrini öz maraqları müstəvisində inkişaf etdirir. Bu gün İsraillə əlaqələrin dərinləşdirilməsi bizim maraqlarımıza cavab verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın başqa ölkələrlə əlaqələri üçüncü dövlətlərin, o cümlədən İranın əleyhinə yönəlməyib.
Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri
http://www.kafkassam-merkez.com/index.php?act=content&id=4641&id_cat=9